Köhnə sevgililəri gəlsə, zal dolacaqdı - Reportaj

 

Kulis.az Orxan Həsəninin "Metro terminalının sevgisi” kitabının təqdimat mərasimindən reportajı təqdim edir.

 

"Bakı kitab Mərkəzi”ndə Pamukun "Yeni həyat” romanını rəfə qoyub yollandım təqdimata. Bizim Orxan Həsəninin də oxucuları bir gün eynən o romandakı kimi deyəcəkdilər: "Bir gün bir kitab oxudum, həyatım dəyişdi”.

 

AYB-nin girişindəki lövhədən tədbirin elanına baxıb sevinirəm. Dostumun ilk kitabıdı və həm də ədəbiyyatımızda yeni hekayələr dövrünün başlandığı gündü. Pilləkənlərlə "Natəvan klubu”na çıxanda ilk qarşılaşacağım adamın adını qoyacaqdım yazacağım reportaja, – belə düşünürdüm. Ancaq heç kimə rast olmadım.

 

 

Reportaj AYB-nin gənclər üzrə katibi Rəşad Məcidin otağında başlayır.

 

Müəllim bizi – gənc yazarları – Ulucay Akifi, Eminqueyi, reportajın yazarını danlayır, daha sonra Aqil Abbasla bağlı başlarına gələn maraqlı əhvalatları danışdı. "Selfi”lərdən, şəkillərdən sonra qalxırıq üçüncü mərtəbəyə. Zalda "facebook”dan tanıdığım qızları görəndə Orxana oxucularına görə paxıllığım tutdu. Bu da mənim sirrim kimi qalsın. Ulucayla eyni köynəkdən geyinmişik və bəzi adamlar bir-birini imitasiya edib bunu vurğulayır. Tez Ulucaydan ayrılıram. Orxan hekayələri kimi həyəcanlı, obrazları kimi tədirgindi.

 

Gözümdən qaçmayan başqa şey də "Bayatı” mağazasının satıcı xanımı ilə kitab üstündə etdiyi mübahisə:

 

–  Verin də mənim kitablarımı...

 

–  Bunlar bizim kitablardı axı... jurnalın üzərində veriblər...

 

Dərin "off”undan sonra yaxınlaşıb əlimi çiyninə qoyuram.

 

–  Yaradıcılığın 64 səhifə olsa da, gələcəyini böyük görürəm.

 

Eminlə darıxqan gəzirik. Onun əlində siqaret, mənim əlimdə noutbuk. Özümü avanqard kimi hiss edirəm. Elə bu andaca Emindən status kimi bir cümlə:

 

"Orxanın tədbiri özü kimi qəfil oldu”.

 

İkinci atmaca Fərid Hüseyndən gəlir:

 

"Orxanın köhnə sevgililəri gəlsə, zal dolacaq”.

 

 

Noutbuk əlimdə özümə və yaradıcılığıma yer axtarıram. Bu reportajın klaviaturaya alındığı masada səbəbkarın özü də oturub, yanında Qulu Ağsəs, Rəşad Məcid, Məti Osmanoğlu və sairləri (sairlərin içində mən də varam). Eminlə Orxanın kitabından danışmaq istəsək də, sözümüzü Qulu Ağsəsin çıxışı kəsir.

 

Qulu Ağsəsdən reportaja düşənlər:

 

"Bu  gün həm "Ulduz”un 600-cü buraxılışını, həm də Orxan Həsəninin ilk kitabının çapını qeyd edirik. On nəfər gəncin kitabının nəşr olunacağı xəbəri yayılanda birinci Orxanın adını saldıq siyahıya. Fərid də, mən də tərəddüd eləmədən bu gəncin kitabının nəşrinə razılıq verdik. 600-cü buraxılışımız olsa da, bəzi telekanallar gecikib. Bundan əvvəlki kitablar müəlliflərin "Ulduz”a hədiyyəsi idisə, bu dəfə on nəfər gəncin kitabını biz özümüz dərc edib hədiyyə edirik. Dövlətin AYB-yə ayırdığı vəsaitdən bizə də pay düşdü...”

 

Ulucay Akif: Nə qədər müəllim?

 

Qulu Ağsəs: 5000 manat, lap dəqiq istəyirsən?

 

Ulucay Akif: Hə...

 

Qulu Ağsəs: 4980 manat. Bu pulla təkcə hekayə, şeir kitabları yox, həm də esse, tərcümə kitabları nəşr edəcəyik. Üç gəncin kitabı artıq hazırdı.

 

 

Başımı qaldırıb zala baxıram. Bir xeyli adam var. Həm ədəbi mühitdən, həm də Orxanın "şəxsi oxucuları”. Yenidən barmaqlarımı klaviaturaya döyəcləyirəm. İkinci çıxışı AYB adından Rəşad Məcid edir.

 

Rəşad Məciddən reportaja düşənlər:

 

"Gənclərə qarşı "Ulduz”un bu cür jestini qiymətləndirmək lazımdır. İlk kitabın da Orxan Həsənidən olması, məncə, hamının ürəyindən olacaq. Onun istedadına həm də "525”dən bələdəm. Rahat, tükənməyən bir yaradıcılıq arzulayıram. Gənclərin ədəbiyyatı bu cür sevməsi, ədəbiyyata qarşı bu cür həssas olmaları gözəl hadisədi. Bütün gənclərimizə uğurlar arzulayıram. "Metro terminalının sevgisi” hekayəsində arzuladığı kimi bir otaqda özünə qapanıb yazıb-yaratsın”.

 

Qulu Ağsəs Məti Osmanoğludan nəşr olunacaq kitablar haqqında tənqidi yazılar yazmağı xahiş edir. Sonra da sözü Orxanın müəllimi olmuş Məti müəllimə verir.

 

Məti Osmanoğludan reportaja düşənlər:

 

"Orxan tələbəm olsa da, ona yazıçı kimi dəyər verməyə çalışacam. Hətta ona qarşı obyektivliyimə misal kimi olaraq Orxanı imtahandan kəsdiyimi qeyd edə bilərəm. Onun hekayələri haqqında rəyimi yazacağam. Ancaq ilk olaraq onu deyim ki (ilk deyildi), hekayələri eyni cür başlayır və yazı dilində problemlər var. Mən ona Azərbaycan ədəbiyyatını sistemli oxumağı məsləhət görürəm. "Filologiya” fakültəsinin dekanının da təbriklərini çatdırmaq istəyirəm”.

 

 

Daha sonra Qulu müəllimin sözü ilə desək, Orxanın ikiqat redaktoru (həm kitabının, həm də çalışdığı saytın – artkaspi.az-ın) Fərid Hüseyn danışdı.

 

F.Hüseyndən reportaja düşənlər:

 

"Öncə "Ulduz” jurnalının 600-cü buraxılışı münasibətilə redaksiya heyətini təbrik edirəm. Orxanın ilk kitabının təqdimatında iştirak etmək sevindiricidir. Mən Orxan işə gələndə ondan "necəsən?” soruşmuram, deyirəm ki, Orxan, bu gün bir fəlakət olmayıb ki? Orxanın içindəki narahatlıq, tərəddüd hissi böyükdür. Və bəlkə də bu, hekayələrinə birbaşa təsir edir. O, bütöv yaradıcılığı ilə moderndir. Düşüncəsi də, yazdıqları da yenidir...

 

Məti müəllim Orxanın hekayələri haqqında danışdı. Mən epiqraflara diqqət çəkmək istəyirəm. Onun sitat gətirdikləri yazıçılarla ruhi bağlılığı azdı. Onlarla ədəbi qurğularda, üslubi baxımdan bağlıdırsa da, əslində, tamamən başqa mətnlər yazırlar. Orxan hələ müəyyən etməyib modern olmalıdır, yoxsa klassik. Epiqraflarından, hekayələrinin mövzularından modern, dilindən, bədii atmosferindən isə onun ənənəvi hekayəçi olduğunu görürük. Ona təsir edən xüsusi müəlliflər var, bu ziddiyyət ona görədir”.

 

Qulu Ağsəs tədbiri yekunlaşdırmaq istəyəndə Kəramətin səsi məni sevindirir. Zala canlanma gəlir elə bil:

 

"Olar mən özümü bu tədbirin Oqtay Rzası kimi aparım?”

 

Hamının təsdiqindən sonra Kəramət çıxışa başlayır:

 

"Bir dəfə gənc yazıçılardan biri Ömər Xəyyam status yazmışdı ki, mən yeni bir hekayə yazmışam, oğlan şəhid olub, bilmirəm bu xəbəri nişanlısına necə çatdırım. Nə təklifiniz var? Mən də Ömərə cavab verdim ki, yazıçılıq elə o xəbəri nişanlısına çatdırmaqdır də. Bu baxımdan Orxan yazıçı kimi ilk missiyanı keçib. O, bu xəbəri verə bilir. Bizim mühitdə sona qədər yazıçı qalmaq çətindi, adam yorulur. Orxan tez yorulmasın. Yaradıcı kimi sonacan özünü qoruya bilsin. Mənim ona ümidlərim böyükdür”.

 

 

Tədbirin sonunda Orxanın narahat və həyəcanlı səsini eşidirik. Onun dediklərin reportaja düşənləri yazmayacam. Hamıya təşəkkür elədi. Sonra kitabların satıldığı yeri nişan verib Qulu Ağsəs də masadan ayrıldı. Noutbuku qapadıb çölə çıxdım və müəlliflə bu selfini çəkdirdim./artkaspi.az/

 

 

LENT

16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019