Şərabdan şirin

 

Həcər Paşayeva

 

Axşam yenicə düşmüşdü. Kiçik şəhərin üzərinə qara pərdəsini çəkən gecə  hər şeyi zülmətə qərq  etmiş, adda-budda yanan küçə lampaları ala-tala işığı ilə  dənizdə görünən  kiçik adalar kimi bu qaranlıq ümmanda  xırda və sarımtıl işıq  cəzirələri yaratmışdı. Gündüz dik-dik gəzən bəziləri belə gecələrdə əyilə-əyilə, xəncər qınından sivrilən kimi zülmətdən sivrilib günahkar əməllərinin ardınca  mələklərin gözüyaşlı, başını bulayaraq çıxdığı, şeytanın  çəpik çalıb sevincək məskən saldığı  evlərə  soxularlar.                                                                                                 

 

Bu gün də zil qaranlıq gecə idi. Ay doğmamış, ulduzlar da sanki  təkəsi ölmüş sürü çəmənliyə dağılan kimi qapqara səmaya dağılıb  orda-burda zəifcə sayrışırdı.                  

 

“Jiquli” markalı maşın küçənin o biri başında göründü və buranın  hər  tinini, çala-çuxurunu yaxşı tanıyan  sürücü  evə çatmağa 50-60 metr qalmış maşının işıqlarını söndürdü,  qaranlıqda astaca sürüb evin qarşısındakı balaca meydançanın bir tərəfində saxladı.Cürbəcür bazarlıq şeyləri ilə dolu torbaları  maşından götürüb qapını   örtdü . Qarşıda onu gözləyən görüşün  həyəcanı  indidən  bütün vücudunu bürümüşdü. Kiçik taxta darvazanı tələsik açıb həyətə girdi. Otağın işığı  pəncərədən həyətə düşür, evə gedən  dar cığır bu işıqda güclə görünürdü. Yaxınlaşıb qapını itələdi. Bağlı idi. Şərtləşdikləri kimi iki qısa, bir uzun və yenə iki qısa tıqqıltı ilə qapını  döydü. Qadının ortaboylu dolu bədəni, açıq şəkildə kürəyinə tökülən qara, burulmuş saçları, əsməri sifəti qapının ağzında göründü. Bir əli ilə xalatının açıq yaxasını bürmələməyə çalışan qadın o biri əli ilə  kişinin biləyindən tutub içəri çəkdi və cəld qapını örtdü. Kişinin  üzünə baxmadan gətirdiyi bazarlıq şeylərini alıb mətbəxə keçdi və tez də geri qayıtdı.  İri, ala gözlərini qonağının üzünə zilləyərək bir az ərköyünlük qarışıq tənəli səslə:

 

--Niyə belə gəlirsən, --dedi, -- üç gündür, səni gözləyirəm ?

 

--Demişdim axı, uşaqları yaylağa aparacam. Həm də evdə işlərim vardı. Ev tikdirirəm. Tikinti materialları daşımaq, buldozerlə  yer açmaq, ustaları...

 

Qadın yenə incik və bir az işvəli səslə:

 

- Yaxşı görək. Ev tikdirirəm...Tikdir evi. Adamı unudarlar ev tikdirəndə?.

Hardan belə birdən ağlına gəldi ev tikmək? O evdən mənə haçan tikdirəcəksən?-dedi.

 

Qadının onu bu cür incik və soyuq qarşılayacağını gözləmirdi. Azca pərt olmuşdu. Dalbadal verilən sualların hansına cavab verəcəyini kəsdirməyə çalışana qədər  qadın yenidən dilləndi :

 

- Həqiqi sözümdü, çoxdan demək istiyirdim sənə. Bu ev çox köhnədir, xoşuma gəlmir, həm də məhlə içidi, həyəti də balaca. Buranı satıb şəhər  kənarında bir az torpaq almaq istiyirəm. Ev tikmək isə sənə baxır. O vaxtacan kirayə qalaram. Restoranda işlər pis getmir,  kirayə haqqını verə bilərəm.

 

O, bu sözləri deyə-deyə kişinin gözlərinin içinə baxır, onun necə reaksiya verəcəyini,  beynindən keçən fikirləri oxumağa çalışırdı. Bütün düşüncələrini aydınca ifsdə edən bu baxışları oxumaq qadın üçün o qədər də çətin deyildi. Azca pörtmüş sifətindən, dodaqlarını kip sıxaraq susmasından,  ifadəsi dəyişilərək qıyılıb baxan gözlərindən kişinin  əsəbləşdiyini duydu və  ağzını açmağa macal verməyərək:

 

-Əzizim, canım, bu nə ev söhbətidi eey, saldıq ortaya? Neçə gündü görüşmürük. Darıxmışam, həqiqətən, səndən ötrü çox darıxmışam, --deyib onun dizinin üstündə oturdu. Başını qucaqlayıb tünd ətir iyi verən sinəsinə sıxdı. Qadın  onu əsəbi vəziyyətdən çıxarmaq, özünə gətirmək üçün üzünü, gözlərini, dodaqlarını, sinəsini öpüşlərə qərq etdi.  Əsəbin,  həyəcan və ehtirasın burulğanında gicəllənən kişi onu qucağına alıb səndələyə- səndələyə yataq otağına keçdi,  çarpayının üstünə qoydu. Qadının soyuq mühakiməli  iti ağlı, vəziyyətdən istifadə etmək bacarığı yenə işə düşdü. Astaca pıçıldadı:

 

- Bəlkə, bir tikə çörək yeyəsən.Hadrutdan qəşəng şərab gətiriblər. O şərabdan da iç, dadına bax, gör nə yaxşıdı. Sonra...

 

- İstəmirəm şərabı-zadı. Mənim şərabım sənsən, sən şərabdan şirin, ondan məstedicisən.  Sonra içərik.

 

Qadın onu əsəbləşdirəcəyindən, işi pozacağından ehtiyat edərək:

 

- Yaxşı, qalsın sonraya,--dedi.

 

...Yeməkdən sonra yenə söhbəti fırlayıb  evin  üstünə gətirdi :

 

- Bilirsən, Şahin, bayaq zarafat eləmirdim. Sənin işin yaxşıdı. O böyüklükdə

idarəyə rəhbərlik eliyirsən. Mən səndən imarət istəmirəm ki.. Elə  dörd-beş otaqlı, kürsülü  ev olsun, bəsimdi. Hamı bilir ki,  sənin sevgilinəm. Sənin qorxundan bir adam mənə yaxın düşə bilməz. Heç düşsə də, kimdi  qeyrisini yaxına qoyan. Allah vurmuşdu hamısını. Gözüm səndən başqasını görməz.Mənim  bu  cür evdə yaşamağım da sənə yaraşmaz.

 

Bu “başqası” söhbəti  kişinin qanını qaraltdı. Qadın onun ruhunun həm xəstə, həm də həssas yerinə toxunurdu. Onun “adam”ına yaxın düşəni öldürərdi. Bir tərəfdən isə:  “hamı bilir sənin sevgilinəm”.—sözləri qanını qaraltdı. İri, ətli əlləri ilə başını , üzünü övkələyib əllərini  çənəsinin altına söykəyərək düz qadının gözlərinə baxdı:

 

-Kiminsə  bizim aramızada olanları biıməsini istəmirəm, demişdim sənə.

Arvadım-uşağım var. Həm də işim... Bu barədə bir yerdə danışdığını eşitsəm, səni öldürərəm.  Ev istiyirsən, tikdirəcəm sənə ev.  Amma indi yox.Özümünkü qurtarsın sonra . Evdə söz vermişəm,  uşaqlar yaylaqdan qayıdana qədər evi hazır  eləməliyəm.  Birbaşa təzə evə gəlsinlər. Qızım çox istiyir.

 

Qadının bu “sonra” sözündən qanı qaralsa da,  ürəyində sevindi. Çünki ondan söz almışdı və bilirdi ki, Şahin verdiyi sözə əməl edəndir.

 

Artıq avqustun axırı idi. Dərslərin açılmasına lap azca qalmış Şahin ailəsini yaylaqdan birbaşa məhlədə ata evinin yerində tikdirdiyi  təzə evə gətirdi. Yoldaşının, uşaqlarının sevinci yerə-göyə sığmırdı. Ev bir kişinin bir qadına verəcəyi ən gözəl, önəmli və böyük  hədiyyədir və həyat yoldaşı Nigar bu hədiyyədən az qala qanad açıb uçacaqdı. 

 

Uşaqlar otaqlarda ora-bura qaçır, hər kəs öz otağının əşyalarını daha çox tərifləyir, utancaq, sakit, çox azdanışan yoldaşı sevinc və sevgi,  təəccüb, fərəh, qürur, minnətdarlıq dolu baxışlarını ərinə  zilləyərək :

 

- Ay Şahin, sağ ol eey, vallah, üç aya bu qədər işi necə qurtardın? Köçməyə kim kömək elədi?—deyirdi.

 

- Nigar, tikdirdim dəə. Bütün ustaları tökdüm, tikdilər. Köçməyə də sizinkilər, bizimkilər əl atdılar. Daha nə istiyirsən, yaşa...

 

Şahinin ailəsi ilə yeni mənzilə köçdüyünü eşitdikdən  sonra  Marqonun nazlanmaları, tələbləri, tənələri artmağa başlamışdı.  Şahin ona təzə evə köçdüyünü demədi, amma qadının bunu hardansa bildiyini duymuşdu. Marqo  da  bir dəfə  olsun Şahindən yeni  evə köçməyi barədə heç nə soruşmadı,  ancaq  bundan sonra qadın  ara-sıra,  lakin təkid və inadla öz evinin  tikintisinə nə vaxt başlaya biləcəklərini soruşurdu.  Olduğu  evi satmağa tələsirdi. İdarədə işləri yaxşı getmədiyi üçün Şahin  Marqoya ev tikməyi yayacan təxirə saldı. Bu, qadının heç xoşuna gəlmədi.

 

Bayramqabağı yenə də qonşu rayonda yaşayan  Marqosuna baş çəkməyə getdi. Birinci dəfə idi ki,  ona əvvəlcədən gələcəyini deməmişdi. Taxta darvazanı açıb həyətə girəndə evdən gələn həzin musiqi səsinə qarışan kişi səsini duydu. Maşında yol boyu gələndə içini bürüyən narahat və üzücü  bir hissdən nəsə olacağı ürəyinə dammışdı.  Qəzəbdən qan beyninə vurdu. Qancığına yaxınlaşan erkəyi görən canavar kimi fınxırmağa, dərindən nəfəs almağa , yumruqlarını sıxıb sinəsinə, başına vurmağa başladı. Tez-tez  nəfəs alıb özünü sakitləşdirməyə, neyləyəcəyini kəsdirməyə, necə hərəkət edəcəyini  götür-qoy etməyə çalışdı. Əvvəlcə evə girmək istədi, sonra fikrindən dönüb geri qayıtdı, aldığı şeyləri maşına tullayıb yük yerini  açdı.Ordan ağzı yenicə itilənmiş  kiçik baltanı götürüb astaca evə yaxınlaşdı və gözləməyə başladı.  Evdən yenə musiqi , arada Marqonun gülüşləri və kobud, qalın  kişi səsi gəlirdi. Nə qədər dinşəsə də, səsin sahibini tanımadı. Bu səslər onun əsəblərini daha da tarıma çəkir, qəzəbini artırırdı. Bəlkə də , uzaqlaşıb getsəydi, soyuq başla düşünər, belə tez və qəddarcasına qərar çıxarmazdı.  Təqribən bir saat sonra qapı açıldı, bayıra çıxan adamı yola salan qadın qollarını onun boynuna dolayaraq üz-gözündən öpüb ayrıldı və qapını örtmək istəyəndə  evdən düşən işıq zolağında cığırın ortasında əli baltalı dayanmış tanış adamı gördü. O, içini möhkəm çəkərək cəld qapını örtdü və bu vaxt geri dönən yad adam başına endirilən zərbədən yayınmaq üçün yana atıldı. Ancaq balta sifətinə dəymişdi və qan üzündən şoralanıb axırdı. Şahin onun müdafiə olunmasına aman vermədən hara gəldi baltanı endirir, vururdu. Bir neçə zərbədən sonra kişi yıxıldı və hərəkətsiz qaldı. Şahin geri qayıdıb maşına oturdu. Həmin gün evə getmədi. Bacısıgilə gedib  bacısının böyük oğlunu  çağırdı. Evdə hamı yatmışdı. Onların hamamında yuyunub paltarını dəyişdi. Dayısının sağ əli olan və ağızdan möhkəm olan Səbuhi  bir kəlmə söz soruşmadan onun yatağını hazırlayıb  yatmağa getdi.

 

Aradan iki gün keçmiş Şahin  kişinin kim olduğunu  Marqodan öyrəndi və pisi də bu idi ki, adam ölməmiş,  deyəsən, heç xəstəxanaya da getməmişdi. Milis  də susurdu. Qadın  həmin gecə  Şahin getdikdən sonra meyitdən yaxasını qurtarmaq üçün  həyətə çıxmış,  kişinin ölmədiyini görmüş və  əski gətirib onun yaralarını  çətinliklə  birtəhər sarımışdı. Qonşuluqda yaşayan, Marqonun bir sözünü iki etməyən poçtalyon Şəmili  çağırıb onun köməyi ilə taksi gətirdib adamı evinə yola salmışdı. Bütün bunları  qadın ağlaya-ağlaya, qorxa-qorxa,  Şahini  qınaya-qınaya, ona qabaqdangəlmişlik etməyə çalışaraq danışdı. O, soyuq,  etinasız və ikrah  dolu  baxışlarını qadının  üzündən yayındırmağa çalışaraq dinləyir,  amma təkidlə həmin adamın kim olması barədə məlumat tələb edirdi. Marqodan  kişinin adından başqa heç  nə  öyrənə bilmədi.

 

Bundan bir neçə gün sonra Şahin uzaqda, dağ rayonlarının birində yaşayan xalası oğlunun yanına gedərək ondan silah istədi :

 

- Xaloğlu, sizdə tapmaq asandı. Çalış, ehtiyat cücələri olsun. Düşmənim var, ehtiyatlı olmalıyam,--dedi.

 

İki gün sonra  patronları ilə birlikdə   “Makar” tapançası  alıb  rayona qayıtdı.

 

Bundan sonra o, çox ehtiyatlı tərpənir, uşaqları xüsusilə  qoruyur, onların evdən nəzarətsiz  aralanmasına icazə vermirdi. Bu kabusun nə vaxtsa bitəcəyini bilirdi—amma necə bitəcəyini düşünəndə  damarında qanı donurdu.  Bir dəfə axşam işlərini yerbəyer edib evə qayıdanda kəndə dönən və bir tərəfi sahillərini qamış basmış kanalın  yanı ilə gedən yola  çıxanda yolu dolayı kəsmiş maşın gördü. Dərhal əlini atıb silahı götürmək istədi, amma silah yox idi : o dəqiqə ağlına anası gəldi. Həmişə onun maşınından, cibindən bıçaq, müxtəlif soyuq silahları götürüb gizlədir və :“Sənin düşmənin yox, istəməyənin yox, bala, bunları neyliyirsən, səni Allah qoruyar, mənim dualarım  qoruyar,”--deyirdi. Beynindən ildırım kimi keçən fikirlər arasında yadına oturacağın altına qoyduğu bir ucu itilənmiş gödək armatur düşdü. Onu cəld qapıb  sürətini azaltdığı maşını saxladı və qapını açdı. Maşının qapısını örtməyə macal verməyən adam  onun üzərinə atılaraq əlində tutduğu balta ilə  onu vurmağa çalışdı. Maşının işığını qəsdən söndürməyən Şahin adamı işığa tərəf istiqamətləndirib müdafiə oluna- oluna  kişinin  sifətinə baxdı. Sifətin bir neçə yerdən şırımlanmış və tikilmiş, eybəcər görünüşü onu diksindirdi. Adamın qəzəb və   kinlə dolu,  az qala  hədəqəsindən çıxmış gözləri, kilidlənmiş dişləri arasından çıxan söyüş sözləri və bu sözləri dedikcə tikişlərdən dartılan sifəti, təntiyə-təntiyə, hirslə baltanı havada yellədərək onu vurmağa çalışması Şahini ani olaraq bu vəziyyətdə soyuqqanlı və daha fəndgir olmağa  sövq etdi. O,  imkan tapıb əlində tutduğu armaturla  qəfildən kişinin balta tutan  əlinə möhkəm bir zərbə ilişdirdi. Balta onun əlindən çıxıb qaranlıqda harasa fırıldadı və nəyəsə dəyib cingildədi . Adam dəli kimi Şahinin üzərinə atıldı və  hər ikisi süpürləşərək yerə yıxıldılar. Şahin girəvə tapıb əlində tutduğu armaturu var gücü ilə onun başına endirdi. Zərbə ölümcül oldu. Armatur   adamın gicgahına  pərçimlənmişdi. O, ayağa qalxıb nə müddətdi qorxusunun kabusu ilə yaşadığı bu adama baxdı.Hiss etdi ki, dizləri, əlləri əsir, bədəni sustalırdı. Özünü  ələ aldı, bu səmtə maşın gələcəyindən, onu görəcəklərindən ehtiyat edərək  cəld armaturu çıxarıb maşına qoydu, adamı  sürüyüb kanala atdı . Maşına oturub qanlı əlləri ilə sükandan bərk-bərk yapışaraq motoru  işə saldı və bir-iki kilometr  getdikdən sonra armaturu  da kanala tulladı, bacısıgilə gəlib Səbuhini çağırdı. Yuyunub yatdı. Səbuhi  yenə bir söz soruşmadan dayısının qana bulaşmış maşınını və paltarlarını  yuyub təmizlədi

 

Səhər yerindən qalxanda  qarışıq hisslərin altında əzilirdi—elə bilirdi o adamı aradan götürsə, rahatlanacaq, yüngülləşəcəkdir. Amma o rahatlığın üstünə dağ kimi bir ağırlıq çökmüşdü və bu ağırlıq elə həmin gündən içini gəmirən , beynini, hisslərini kütləşdirən,  ona gün-dirilik verməyən  qara bir dumana dönüb həyatını da eləcə qaraltdı. Çox əsəbi olmuşdu. Evdə ən adi şeyə əsəbləşir, arvad-uşağın üstünə qışqırır, idarədə işçilərlə codlaşırdı.  İçinə qapanıb uzun müddət susur, donuq, ifadəsiz, key baxışlarını bir nöqtəyə zilləyərək  dalıb gedirdi.

 

Öldürdüyü adamın oğlu ilə qarşılaşanda bu ağırlıq daha da çoxaldı. Bir dəfə idarəyə gələndə  dəhlizdə arıq,  yeniyetmə bir oğlan görüb işçilərdən bunun kim olduğunu soruşdu: 

 

--Lətifin oğludu ,--dedilər,-- Bahadurdu. Səbuhi işə götürüb, sizinlə məsləhətləşəcəkdi,  bizim restoranların birində işləyəcək, yazığın atasını keçən il  öldürüb kanala atmışdılar. Anası da işləmir, neyləsin  bədbəxt, ailələri dolanmır.

 

O, bircə dəfə uşağın gözlərinə baxdı və bu gözlərin dərinliyində gördüyü ifadəni gözünün aynasından o tərəfə heç qova bilmədi.

 

Avqustun axırları idi. Restoranlara baş çəkib haqq-hesab aparan Səbuhi günortadan sonra rayondan evə qayıdarkən magistral yolda onun yanından güllə kim ötüb keçən maşının nömrəsindən dayısının maşınını tanıdı. Hava isti olduğu üçün bu vaxtı yolda nəqliyyat az olurdu. Amma  yenə də bu qədər sürətlə getmək təhlükəli idi. O,  sürəti artıraraq dayısına çatmağa çalışır, arada siqnal verirdi. Lakin Şahinin maşını getdikcə uzaqlaşır və sürəti artırırdı. Səbuhi həyəcanla:

 

- Dayı, qurban olum, belə eləmə, qurban olum, noolub sənə, əzrayıla tərəf gedirsən, dayı, dayan, yavaş, dayı,--deyə  öz-özünə, içi əsə-əsə pıçıldayırdı.

 

Birdən Səbuhi  düzənliklə uzanıb gedən yolun  bir neçə yüz metr uzaqlığında,  gözünün qarşısında   kəllə-kəlləyə gələn maşınların taqqıltısını eşidib dondu. Göyə fırıldayan maşının rəngindən dayısının maşınını tanıdı. Ürəyi atlana-atlana sürəti artırıb   ora yaxınlaşdı. İki –üç nəfər adam öz  maşınından düşüb hadisə yerinə tərəf qaçırdı. Səbuhi dizləri əsə-əsə,  dayısının milyonda bir sağ qalma ümidinə yalvara-yalvara  oraya yaxınlaşaraq  maşından düşdü. Ərvağı dönmüş bir ailənin  başçısının  təpəsi üstə çevrilmiş tüstüləyən maşınından  Şahinin  meyitini çıxarıb yolun kənarına uzatdı. Gicgahına batmış iki-üç qarış uzunluğunda  dəmir parçasını  çıxarıb tulladı. Onun başından axan  qıpqırmızı maye  yolun kənarında bitmiş və öz əcəlinə sürət götürən adamın aqibətinə vücudları kimi matı-qutu  qurumuş  otların arası ilə  axaraq bu yayın cırhacırında  uzun  müddətdir yağışa  həsrət qalan, su gözləyən bitkilərə isti qan içirirdi. Səbuhi  dayısının başı üzərində diz üstə çöküb hönkür-hönkür  ağladı...

 

... Şahinin və  Lətifin bir-birinə düşmən kəsilən nigaran ruhları Bərzəxdə   heç rahatlıq tapmadı.   Sonralar  Lətifin oğlu institutu qiyabi oxuya-oxuya həmin idarənin ən vacib adamlarından birinə çevrildi  və bir gün bibisi oğlunu görməyə gələn Şahinin istəkli qızı Leylaya vuruldu.  Lətifin oğlu Bahadur  qabaqlar  yuxusuna sağlam, əvvəlki vaxtlarındakı kimi  gözəl görkəmdə girən atasının niyə indi o cür üzü şırımlı, danışanda tikişlərin  dartıb eybəcər hala saldığı vaxtını tez-tez görür,  ona narazı-narazı baxan atasının nə demək istədiyini heç anlamırdı. Onun   Leyla ilə toyundan iki-üç il sonra  restoranların birinə gələrkən  burada  ofisiant işləyən   və  danışığından hansı millətin nümayəndəsi olduğu bilinən  çox gözəl, işvəli bir qızı görən Bahadur  bunun kim olduğunu soruşdu:

 

- Marqonun qızıdır, Siranuşdur,--dedilər,--anası daha işləmədi, Yerevana köçüb, qızını yerinə götürüblər, Stepanakertdə institutda qiyabi oxuyur.

 

Bahadurun gözləri qızın bütün  vücudunu  iv-iv gəzdi və   bu,  onun gözləri  deyildi :  İblis sevinclə, bic-bic, qanlı dodaqlarını yalaya-yalaya, meydan sulaya-sulaya,  Bahadurun qulaqlarını, gözlərini, dilini və ağlını əlindən dördəlli  alaraq, bu duyğu üzvlərinin hamısını öz fitnəsinə yönəldərək  onun gözlərindən ac qurd kimi  qıza baxırdı...

 

Bahadur restorandan çıxanda həyəcandan və ürəyinin tez-tez çırpınmasından ona nə olduğunu kəsdirməyə çalışarkən  taqqıltıya dönüb həyətin o biri başına baxdı.  Restoranın işçilərindən bir təndir üçün balta ilə odun doğrayırdı...

 

                 

LENT

11 Dekabr 2019
10 Dekabr 2019
09 Dekabr 2019