Səməd Vurğun polemikasına sözardı

Kulis.az professor Qorxmaz Quliyevin Səməd Vurğun polemikası ilə bağlı özünün Facebook səhifəsində qeyd etdiyi yeni fikirlərini təqdim edir.  

 

Mən Hikmət Hacızadənin S.Vurğunla bağlı dediklərinə prinsipial münasibətimi qısa şəkildə bildirmişdim.

 

Lakin Vurğun bəy məndən S.Vurğunla bağlı yazısı ilə tanış olmağımı rica etdi. Bu həmin problemə qayıtmağıma səbəb oldu. Hər şeydən əvvəl H.Hacızadənin S.Vurğunla bağlı bütün açıqlamasını tezisvari aşağıdakı kimi ifadə etmək olar:

 

a) S.Vurğun bir şəxsiyyət kimi dəyərsizdir;

b) S.Vurğun sənətkar deyil.

 

Təkrar edirəm, H.Hacızadənin istənilən məsələ ilə bağlı istənilən fikri ifadə etməyə müqəddəs hüququ var. Mənim də, məsələn, Vinçinin "Cokonda"sından zəhləm gedir. Güllələyin!

 

Başqasının fikrinə qarşı təhqirə, təhdidə, söyüşə yol vermək olmaz. Amma həqiqət naminə onu da demək lazımdır ki, Hacızadənin özü çox zaman bu təhqirlər üçün meydan açır: şəxsən mənə elə gəlir ki, sosial şəbəkədə epatajdan (dilimizdə buna "lağlağı" deyirlər) istifadə əks effekt yaradır, suyu bulandırmağa gətirib çıxarır.

 

Senzuranın ləğvi özünüsenzuranı istisna etmir. S.Vurğunun ədəbiyyatımız qarşısında müstəsna xidmətləri danılmazdır. Çox doğru buyururlar ki, S.Vurğunun ədəbi dilimizin yaradılmasında böyük xidmətləri olub. Ədəbi dilimizi elmi dilimizlə müqayisə edin - alimlərimiz, dilçilərimiz yüz ildir calışırlar, amma elmi dilimiz axsamaqda davam edir.

 

Amma ədəbi dilimiz təbii insan hislərinin, düşüncələrinin ən incə çalarlarını ifadə etmək iqtidarındadır.

 

Bir vaxtlar "Azərbaycan" şeiri ilə bağlı yazdığım məqalədə demək istədiyim, amma təəssüf ki, deyə bilmədiyim bir həqiqət var: "Azərbaycan" şeirində, daha doğrusu, onun üç ilk zirvə-bəndində S.Vurğun virtual şəkildə M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə, Ü.Hacıbəyovla görüşmüş, onlarla əl-ələ verib Azərbaycanı məmləkətdən "ana vətən"ə çevirmişdir.

 

Vurğun bəyin müddəalarının tam əksəriyyəti ilə razıyam. Amma bir məqamda fikirlərimiz haçalanıır. Əlbəttə ki, S.Vurğun repressiya qurbanıdır, lakin "şair repressiyadan qorunmaq üçün "Rəhbərə salam"... və sosializmi mədh edən əsərlər yazdı, özünü repressiya maşının cəngindən qurtardı... və özü repressiyanın qurbanı oldu" müddəası birtərəflidir, bütün həqiqəti ifadə etmir.

 

Bu tezisi birmənalı şəkildə həqiqət kimi qəbul etsək, onda bütöv şəxsiyyəti ikiüzlülükdə günahlandırarıq. Bu isə bu gün dəbdə olan "kod axtarışları"nın yeni dalğasına rəvac vermiş olarıq.

 

S.Vurğun kommunizmin ideallarına inanırdı və o öz ideyalarının repressiyasının qurbanı olmuşdur.

 

LENT

19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019