Əziz Nesin serial qəhrəmanı olur

Sonuncu Orxan

 

Bu yaxınlarda türk saytlarının birində maraqlı xəbərlə qarşılaşdım. Xəbər Türkiyədə uşaqlar üçün çəkiləcək serial haqqında idi. Serialın məqsədi uşaq ədəbiyyatında hakim olan yalançı qəhrəman obrazlarını həqiqi qəhrəmanlarla əvəzləmək, onların həyat yoluna, mübarizəsinə işıq tutmaqla uşaqların illərdən bəri şüuraltında formalaşdırdığı qəhrəman obrazını dağıtmaq, onlara gerçəkliyi izah eləməkdir. Beləliklə, uşaqlar güclü qolları, sehrli paltarları olan yalançı qəhrəmanlara yox, həqiqi qəhrəmanlara bənzəmək istəyəcəklər.

 

Serial üçün ilk qəhrəman seçimi də maraqlıdır. Deməli, qəhrəman kimi ömrünü Türkiyənin geriliyi, cəhaləti, dindarlaşması ilə mübarizəyə sərf eləmiş, buna görə zaman-zaman təzyiqlərə məruz qalmış, hətta bir dəfə Sivasda şəriətçi kütlə tərəfindən yandırılmaq təhlükəsi ilə üz-üzə qalmış  böyük ziyalı Əziz Nesini seçiblər.

 

Açığı bu təşəbbüs məni bir az çaşdırmışdı, amma bir o qədər də sevindirmişdi.

 

Doğrudan xalqın əsl qəhrəmanı kimdir? Populist çıxışları ilə beyinləri bulandıran bir siyasətçimi, yoxsa xalqın görə bilmədiyi təhlükələri görüb ona qarşı tək varlığı ilə mübarizə aparan bir fikir adamı, ziyalımı?

 

Siz bir az düşünün, mən də Əziz Nesin haqqında maraqlı bir hadisə danışım.

 

Türkiyə tarixinə bələd olanlar 80-ci illər hərbi çevrilişi haqqında azdan-çoxdan bilirlər. Həmin ildə xeyli sayda insan qətlə yetirilmiş, qəzetlər, jurnallar, bir çox tədris müəssisələri fəaliyyətini dayandırmışdı. O vaxtlar  Əziz Nesinin şəxsi hesabına tikdirdiyi və uşaqların pulsuz təhsil aldığı bir məktəb var idi. Siyasi dünyagörüşünə görə Əziz Nesinə əks mövqedə dayanan dövlət başçısı Kənan Evrən məktəbi bağlamaq qərarına gəlir. Əziz Nesin bundan duyuq düşür, bir dostunun vasitəsi ilə Kənan Evrənə bu sözləri çatdırır: “Namusuma and olsun, əgər məktəbi bağlasan səni öldürərəm. Həyatımda heç vaxt heç kimə silah çəkməmişəm, əgər buna cəhd etsən səni öldürəcəm”.

 

Bununla da Kənan Evrənin məktəbi bağlamaq istəyi yarımçıq qalır.

 

Sizcə, belə bir şəxsiyyəti qəhrəman kimi təqdim etməkləri təbii deyilmi?

 

Təbii və qürurvericidir...

 

Bəs bizdə bu yerə ilk növbədə kimi layiq bilirsiniz?

 

Mən Üzeyir bəy deyirəm, bəs siz?

 

LENT

16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019